Tuesday, July 19, 2011

TÜRKÇÜLÜK və GÜNEY AZƏRBAYCAN


Soylu Atalı
(Mütləqə İnam Ocağının Yükümlüsü)

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim
Asif Ataya – İnam Ataya Ali Səcdəylə!


TÜRKÇÜLÜK və GÜNEY AZƏRBAYCAN

xxx

Türkiyə Qarabağa görə erməni ilə sərhədləri bağlamışdı. Bu, doğru mövqe idi. Çünki  Qarabağda “ayağına yer eləyən” qüvvələr ermənini Qarabağın yiyəsi kimi təsdiq eləməyə çalışırlar. “Erməni haqqı” uydurmasının arxasında Qafqazı tam nəzarətə götürmək məqsədilə həmin Qüvvələr vaxtaşırı Türkiyəyə təpki göstərib erməniyə nəfəslik istəyirlər. Türkiyənin indiki hökuməti isə əvvəlki mövqenin üstündə möhkəm dayanmır. Lüzumsuz oyunlar oynayır. Guya Qafqazda strateji mövqeyini itirməmək üçün şərtləri balanslaşdırmağa çalışır. Həmin qüvvələr isə Türkiyənin geri çəkilməsi üçün “erməni soyqırımı” oyununu kəskin şəkildə ortaya gətirirlər. Deməli, əslində soyqırım söhbəti Qarabağın erməniləşməsi üçündür. Başqa sözlə, Qafqazda türk təsirinin “təmizlənməsinə” yönəlik bir addımdır.

xxx

Ərdoğan hərdənbir Qərbə, Avropaya məğrur ismarıclar verir. Təəssüf ki, bu məğrurluğun arxasında Türk Dünyasının Birliyi, dünyaya təsir eləyəcək gücü dayanmır. Müsəlmançılıq münasibətləri üzərində qurulan oyunlar, süni şəkildə müsəlman ərəblərlə yaxınlaşmalar durur. Deyəsən, Ərdoğan özünü Şərqin xəlifəsi kimi görür. Türk Dünyasının birliyinin formalaşması arxa plana keçir, – mahiyyətcə gücdən düşür.

xxx

Bizə biri din verir, biri ateizm. Çünki biz özümüz özümüzə heç nə vermirik. Bu səbəbdən də biz bir-biri ilə mübarizə aparanların meydanına çevrilirik. Dünya bizim üçün yaxşı mənada özünüifadə meydanı olmalıydı, biz oyun meydanlarına çevrilməməliydik.

xxx

Bir var türkçülük mənası,
bir də var türkçülük dəbi.
Dəbləşən nə varsa, təsirsizdir. Dəb aqibət deyil, ancaq Məna aqibətdir. Yəni Türkçülük aqibətimizdir.

xxx

Bu gün ən böyük Türkçülük Güney Azərbaycanın aqibətinə bağlıdır. Ruhani Türkçülüyn Vətəni (Zərdüşt ölkəsi, Babək ölkəsi, Nəimi ölkəsi) assimilyasiya edilir, ayaqlanır.
Türkçülük siyasi hadisə deyil, ruhani hadisədir. Ona görə də Güney Azərbaycanın aqibətini siyasiləşdirib pərdə arxasına atmaq olmaz. Orada Türkçülüyü bərqərar eləmək lazımdır.
Türkçülük ideyası Güney Azərbaycanda prinsipial xarakter daşıyıb azadlıq əldə eləməsə, “Türk Dünyası” sözündə məna və həqiqət axtarmaq anlamsızdır. Türkün öz dünyası – siyasi və ruhani dünyası yaranmalıdır ki, “Türk Dünyası” sözü özünü doğrultsun. Bu gün Dünya türkləri sözü daha doğru görünür.
Türkü islam dünyasına aid eləmək – “Türk Dünyası” anlamını rədd eləməkdir. Başqa bir dünyanın içində dünya olmaq mənasızlıqdır.
Türk Dünyası – Türk Birliyi bir şeydir. O, yoxdur, qurulmalıdır. Türk Dünyası – türkün öz varlığından və mahiyyətindən gələn İnamla qurula bilər – Mütləqə İnamla. Yadlıq əsasında birlik olmur.
Bu cəhətdən Güney Azərbaycan – Türk Dünyası məzmununu izah edən bir məsələdir. Həm də Güney Azərbaycan Şərq məsələsinin açarıdır. Çünki Azərbaycanın bütövləşməsi, böyüməsi – bütövlükdə – dünyanın layihəsini (düzənini də demək olar) dəyişə bilər.
Türkçülüyün İdeya səviyyəsində doğru məna daşıması və gerçəkliyə yeriməsi – Ruhani Dirçəliş tələbində baş tuta bilər.
Türkçülük ideyasının fərqli məna daşımasına çalışan qüvvələr Türkçülüyün İnam səviyyəsi ilə üz-üzə qoyulmalıdır. Türkçülük niyyətləri oyuna çevrilməməlidir...

xxx

Gənclik taleyini milli ruhdan başlamalıdır. Yəni Mütləqə İnamdan başlamalıdır – dindən və Avropaçılıqdan başlamamalıdır.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız var olsun!


Çiçək Ayı, 32-il.
(aprel, 2010).









No comments:

Post a Comment