Wednesday, August 10, 2011

“Fars millətçiləri, irqçi qüvvələr general Pisyanı türk olduğuna görə, onu özlərinə lider kimi qəbul edə bilmirdilər”


- Babək bəy, Məhəmməd Tağı Pisyan kim olub və bu haqda oxucularımıza məlumat verəsiniz?



- Məhəmməd Tağı Pisyan Təbrizdə türk ailəsində dünyaya göz açıb. Yüksək rütbəli  hərbiçi olduğuna görə, Güney Azərbaycanda onu “Təbrizli General” kimi tanıyırdılar. O, Almaniyada yaşayanda yeni osmanlılarla əlaqə saxlayıb və özünü Azərbaycan türkü kimi təqdim edib. Elə bu səbəbə görə, türklər onu "Azərbaycanlı general" deyə çağırırdılar. Onun dövründə İran höküməti vətəndaşların can və mal təhlükəsizliyin lazımınca qoruyub saxlaya bilmirdi. Elə bu səbəbə görə, İranda yaşayan xalqlara can və mal təhlükəsizliyi bir nömrəli məsələyə çevrilmişdi. M.T. Pisyan qətiyyətli hərbiçi və dahi siyasətçi kimi vətəndaşların can və mal təhlükəsizliyin qoruyub saxlamaqda böyük qabiliyyəti var. Elə buna görə, o zaman bu şəxsiyyət haqqında hamı deyirdi: “M.T.Pisyan hər hansı bir yerdə təhlükəsizlik məsulu olsa, o yerdə qız uşağı gecə yarısı başında qızıl xonca tək-tənha aləmi gəzər”. Bundan əlavə, Pisyan topluma yeni idarə sistemləri gətirdi. Misal üçün, Xorasan vilayətində dövləti məktəblər, banklar, vergi sistemi, ədalət komitəsi və s. yaratmışdı. Bütün bunların nəticəsi olaraq Pisyan ancaq Azərbaycanda yox, əslində bütöv İranda çox şöhrət qazandı. Əlbəttə, onun barəsində çox sözlər demək olar və düşünürəm ki, qeyd etdiyim fikirlərim oxucularımızda bu şəxsiyyət haqqında fikirlərin formalaşmasına kömək edəcək.

- Almaniyanın məşhur generalı Hindinburq Məhəmməd Tağı Pisyana maraq göstərməkdə əsas məqsədi nə idi?

- O zaman İranda mərkəzi hökumət çox zəif idi, dünya ictimaiyyəti M.T.Pisyanı gələcəkdə bir güclü hərbi və siyasi lider kimi görürdü. Elə bu səbəbə görə, bir çox dünya ölkələrinin liderləri çalışırdılar ki, Pisyanla yaxın əlaqə saxlasınlar. Elə buna görə də, onun bir çox tanınmış siyasi və hərbi şəxsiyyətlərə yaxın əlaqəsi vardı. Çünki, o, alman və ingilis dillərin bilirdi, bunun vasitəsilə ona hər  kimləsə istəsə əlaqə  qurmaq asand idi. Amma alman generalını, xüsusi olaraq M.T. Pisyanın hərbiçilik qabiliyyəti maraqlandırırdı. Belə nəql edirlər ki, Pisyanın Həmədanda rus ordusu üzərində qələbə qazanması alman generalının heyrətinə səbəb olub. Bu hadisədən sonra alman general ilə Pisyan arasında yaxın əlaqə, hətta dostluq rabitəsi yarandı və onu Almaniyaya da dəvət etdi.

- Tarixi mənbələrdə onun azərbaycan türk olması təsdiqlənibmi?

- Biz tarixi qaynaqlardan danışanda əsas azərbaycanlıların yazdıqları qaynaqları götürməliyik. Azərbaycanlıların yazdığı qaynaqlara görə, Pisyan azərbaycan türkü göstərilir. 2009 - cu il Təbriz xalqı M.T.Pisyanın xatirəsini əbədiləşdirmək üçün Təbrizin hava limanının üç yol ayrıcında heykəlin qoydular. Amma unutmamalıyıq ki, hakim millət, yəni, fars millətinə aid olan irqçi tarixçilər həmişə çalışıblar bizim tarixi şəxsiyyətlərimizin barəsində yalnış məlumat yayılmasına çalışırlar. Misal üçün, bir neçə il bundan qabaq bir irqçi fars mollası Babək Xürrəmdinin barəsində bir kitab yazıb, onun Səbzvarlı və fars olduğun vurğuluyaraq və bunun üzərində ciddi cəhdlə dayanırdı. O, həmçinin iddia edir ki, Babəkin həqiqi adı Abdullah və onun hərəkatı bir dinçi hərəkat imiş, qaldırdığı qırmızı bayraq da Kərbəlada şəhid olanların mübarizə rəmzi sayılırdı. Bu misalı çəkməkdə məqsədim bundan ibarətdir ki, biz icazə verməməliyik ki, irqçi tarixçilər öz saxta və cəfəng məlumatları ilə bizim cavanlarımızın fikir və düşüncələrinə təsir etsinlər.

- Xüsusilə, Pəhləvi rejiminin M.T.Pisyandan çəkinməsinin əsas səbəbini nə ilə bağlayırsınız?

- Buna üç əsas səbəb var idi: Birinci səbəb ondan ibarət idi ki, M.T.Pisyan İranda özünə çox yaxşı ad qazanmışdı və bununla əlaqədar ona kütlə içində böyük iman vardı. Bu nöqtəyi-nəzərdən, o, Rza şaha çox ciddi rəqib sayılırdı. İkinci səbəb bundan ibarətdir ki, o yaşayan zaman fars millətçiləri, irqçi qüvvələr Pisyanı türk olduğuna görə, onu özlərinə lider kimi qəbul edə bilmirdilər.  Elə buna görə Pisyanın qarşısında fars irqçi qüvvələr Rza şahı dəstəkləyirdilər. Və nəhayət, üçüncü səbəb bundan ibarətdir ki, Pisyan Rza şah kimi bisavad deyildi, bir neçə dil bilirdi, xaricdə təhsil almışdı, sülalə və monarxiya (səltənət, istibdad) rejiminə qarşı idi və İranda cümhuriyyət yaranmasını müdafiə edirdi. Bütün bunların nəticəsində  irqçı qüvvələr və onları təmsil edən Rza şah ona qarşı idilər.
- Maraqlıdır ki, onun məzarı bir necə dəfə dəyişdirilib. Sizcə, onun məzarı rejim üçün bu qədərmi təhlükə yaradırdı?
- Pisyan qətlə yetiriləndən sonra onun ölümü də pəhləvi rejiminə bir böyük problemə çevrildi. Onun nəşi Məşhədə gətirilib, Xorasanlılar tərəfindən çox böyük təntənə ilə Nadir şahın məzarının yanında dəfn olunur. Beş il onun ildönümü Xorasan və Azərbaycan vilayətlərində möhtəşəm şəkildə keçirilirdi. Elə bu məsələ İranın irqçi rejimin qorxudub, rejimin əmri ilə Məhəmməd Tağı Pisyanın qəbri açılır, cəsədi ordan çıxarılıb, ümumi qəbiristanlığa köçürülür. Pəhləvi rejimində belə bir qorxu yaranmışdı ki, bu kütləvi tədbir pəhləvi rejiminə qarşı inqilaba çevrilə bilər. Onlar fikir edirdilər, M.T.Pisyanın nəşi Nadir şahın məzarının yaxınlığında dəfn edilməsi ona xüsusi siyasi status verir və bu da İranda xalqların, xüsusən də azərbaycanlıların rejimə qarşı mübarizəsində ilham qaynağına çevrilmə təhlükəsi yaradırdı. Elə bu səbəbə görə, bunun əsas gətirib, bir neçə dəfə məzarını dəyişdilər. Bundan sonra ona rəsmi şəkildə yas mərasimi keçirilməsi qadağan olunur. Amma Müsəddiq İranda baş nazir seçiləndə Azərbaycanlıların, xüsusən Xorasan türklərinin istəyinə təslim olub və yenidən onun cəsədin Nadir şahın məqbərəsinə köçürülməsinə razılıq verir. Bəziləri deyirlər ki, Məhəmməd Tağı Pisyanın son savaşı Qoçan təpələrində yox, əslində məzarının təzədən Nadir şah məqbərəsinə köçürüləndə oldu. Onun cəsədinin yenidən ora gətirilməsi ilə pəhləvi rejiminə böyük zərbə vurdu.
Söhbətləşdi: Elnur Eltürk

No comments:

Post a Comment