Wednesday, January 19, 2011

Asiyanın ədalət simvolu

  Qam Ata


“Qumata adlı bir mağ vardı. Payşiyauvada baş qaldırdı. Arakaatri adlı dağdan qalxdılar, …ayının on dördüncü günü. O belə yalan danışırdı: “Mən Barziyayam, Kambisin qardaşı. Sonra bütün xalq: Parsa və Madaylılar, başqa torpaqlar da Kambisdən üz döndərib ona sarı döndülər. Hamapada ayının doqquzunda onlar hakimiyyəti ələ keçirdi. Sonra Kambis özünü öldürdü”. (Bağıstan yazılarından)
Bağıstan mixi yazılarında və Herodotun “Tarix”ində qeyd olunan Qam Ata olayı İran-Turan ziddiyyətinin ən maraqlı mərhələlərindəndir. Bu gün mixi yazılar oxunsa da, Herodotun “Tarixi” müxtəlif dillərə tərcümə olunsa da, bu ilk mənbələr də Qam Ata üsyanını yetərincə işıqlandıra bilmir. Qaya yazılarının fars mətnində qamın adının bilərəkdən səhv yazılması və onun qayaüstü təsvirinin Daranın ayaqları altında verilməsi hadisənin nə qədər əhəmiyyətli olmasını əks etdirir.
Məlum olduğu kimi, Azərbaycan ərazisində ən qədim etnoslardan əsası mağ və ya muğ adlanan tayfalardır ki, hazırda ölkə ərazisində bir sıra toponimlər onların adını daşıyır. Herodot mağları Madayın altı əsas tayfasından biri, digər yunan bilginləri isə fəlsəfənin yaradıcıları hesab edirlər. Mağ və ya qam adlanan şəxslər Madayda dini ayinləri yerinə yetirir, inancın qorunub saxlanılmasına səy göstərirlər. Bu baxımdan onları “Ata” kimi çağırırdılar. Təbii ki, müxtəlif zamanlarda sadaladığımız işlərin icraçıları kimi Qam Atalar fəaliyyət göstəriblər. Bunlardan bizə məlum olan ən cəsuru isə şərti olaraq Smerdis və ya Bardi adlandırılan Qaumatadır.

Bağıstan qayasında Qam Atanın mağ adlandırılması həm onun milli mənsubiyyətinin, həm də ki dini statusunu əks etdirir. Abidənin fars mətnində mağın adı kimi Qaumata, elam mətnində Kamata, babil variantında Qumata kimi qeyd olunur. İlk dəfə bu adın türkcə dəqiq açılışı islamaqədərki tarixlə məşğul olan professor Firudin Ağasıoğlu Cəlilov tərəfindən Qam Ata formasında verilib. Bu izahın “Qorqud Ata kitabı”ndakı şəxs adları ilə səslənməsi (Qamğan, Qambörə) açılışın doğruluğunu sübut etmiş olur. Farsca mağın adının Qaumata şəklində yazılması isə iki cəhətdən izah edilir. Birinci yanaşmaya görə, fars dilinin qrammatik qaydalarına uyğun olaraq mətndə “U” səsi əlavə olaraq artırılıb, ikinci yanaşmaya görə isə fars şahı nifrətə layiq hesab etdiyindən mağın ismini bilərəkdən Qaumata şəklində yazdırıb ki, burada “qau” sözü “öküz” anlamına gəlir.

Qeyd edək ki, Qam Ata olayı haqqında ən əsaslı mənbələr Bağıstan abidəsi və Herodotun “Tarix” əsəridir. Bağıstan qayasındakı yazıların Dara tərəfindən yazılmasını, Herodotun isə məlumatları farslardan götürdüyünü nəzərə alsaq, şübhəsiz, hadisənin tam gerçəkliyi ilə qeyd olunmadığı düşünülə bilər. Lakin ilk mənbələrin bu ikisi olması onlara istinad etməyə zərurət yaradır.

Herodota görə, Madayın işğalından sonra farslar ilk dövlətlərini yaradırlar və yerli xalq üzərində öz ağalıqlarını göstərmək üçün var güclərini səfərbər edirlər. Buna dözməyən mağ tayfasından iki qardaş- Patizif (Kambis onu öz mülki işlərinə rəhbər qoymuşdu) və Smerdis şahın Misirdə olmasından istifadə edərək üsyan qaldırırlar və hakimiyyəti ələ alırlar. Smerdisin Kambisin öldürtdüyü qardaşına oxşadığını və adının da onunla eyni olduğunu nəzərə alan Patizif qardaşını şah elan edir və xalqa görsənmədən dövləti idarə edirlər. Xəbər Kambisə çatdığında artıq o Suriyada ölümcül haldaydı, buna görə də o, ətrafındakı farslara və Əhəməni ailəsinə hakimiyyəti mağlardan geri almağı vəsiyyət edərək orada da ölür. Artıq mağ qardaşları istədikləri siyasəti yürütməyə başlayırlar. Qam Ata ilk öncə dövlətin mərkəzini yenidən Ağbatana qaytarır, saray elitasının imtiyazını azaldır, əhalini üç il müddətinə hərbi çağırışdan (çünki xalq fars işğalçı yürüşlərindən xeyli zülm çəkmişdi) və vergidən azad edir. Bütün bunlar miladdan 522 il əvvəl mart ayında baş verir. Lakin Asiyanın ədalət simvolu olan Qam Ata hakimiyyəti cəmi 7 ay mövcud olur, Əhəməni nəslindən Dara yeddi saray əyanı ilə birləşərək mağları devirirlər. Herodota görə, ilk olaraq mağın II Kirin oğlu Smerdis (Bağıstanda Bardi) olmasından şübhələnən şəxs əsl nəcabətli və dövlətli adamlardan Otan olur. Onun qızı Fədimə Kambisin arvadı idi və indi hakimiyyətdə şahın qardaşı hesab edildiyindən adətə görə yeni hökmdarın arvadına çevrilir. Qızının vasitəsilə Otan yeni şahın qulaqsız olduğunu öyrənir (nəyə görəsə bir dəfə Kambis mağ Smerdisin qulağını kəsdirib) və başa düşür ki, şah həqiqi Smerdis deyil və bu barədə atasına xəbər verir. Otan əldə etdiyi bilgiləri Aspafinlə Qobriyə açıqlayır və bir cəbhədə birləşirlər. Ardınca Otan İntəfrəni, Qobri Meqabizi, Aspafin Hidərni özlərinə cəlb edirlər. Bu zaman Parsada olan Dara mağların gizlin iş tutduqlarını xəbər aldıqdan sonra Susa gəlir və bu altı nəfərlə birləşərək mağları devirmək üçün plan cızırlar. Bağayadis ayının onunda qəsdçilər Daranın təklifi ilə fars düşüncəsinə uyğun olaraq xəlvətcə gecə saraya doğru hərəkət edərək keşikçiləri öldürür və hər iki qardaşın üzərlərinə cumaraq ikisini də qətlə yetirirlər. Sonra başlarını payaya keçirdərək farslara göstərirlər və onları mağları qırmağa təhrikləndirirlər. Tarixin atası qeyd edir ki, həmin gün farslar o qədər mağ öldürürlər ki, əgər gecə düşməsə idi, Midiyada mağ qalmayacaqdı. Sonralar həmin gün “mağlar qırğını” (“magufonia”, 5 noyabrda keçirilirdi) adı ilə fars bayramına çevrilir. Bu “bayram”da heç bir mağ küçəyə çıxmayaraq evlərində otururdular.

Qeyd etdik ki, ən birinci mənbə Bağıstan yazılarıdır və burada Dara bir sıra hallarda hadisələri təhrif edərək müxtəlif yalanlar uydurur:

1) “Maq Qumatanın Kambuziyadan zorla aldığı şahlıq nəsillikcə bizə məxsusdur. Parsua və Maday torpaqlarında o, şah oldu”. Halbuki, Herodotdan tutmuş müasir tarixçilərin hamısı ilk fars dövləti kimi II Kirin xəyanətkar Qarpaqla birləşərək Astiaqı yıxıb Madayda Əhəməni şahlığı qurmalarını qeyd edir. Üstəlik, Kambis ölüm yatağında “Bax, sizin hamınıza, xüsusən Ağamən nəslini şahlıq allahlarına and verib əmr edirəm: qoymayın hakimiyyət təzədən midiyalılara keçsin!” -deyə vəsiyyət etməsi ərazidəki hakimiyyətin əslində madaylılara məxsusluğunu dolayısı ilə bildirmiş olur.

2) “Bizim nəsildən, Parsua və Madaydan bir şəxs tapılmadı ki, Mağ Qumatadan şahlığı geri alsın. Xalq ondan qorxurdu”. Görəsən, xalqı üç il müddətinə vergidən və dağıdıcı hərbi yürüşlərdən azad etdiyinə görəmi xalq Qam Atadan qorxurdu? Elə bu nöqteyi-nəzərdən Herodot haqlı olaraq qeyd edir: “Mağ bu vaxt ərzində tabeliyində olan adamların hamısına böyük mərhəmətlər göstərməyə imkan tapdığına görə, ölümündən sonra, təkcə farslardan başqa, qalan bütün Asiya xalqları ona yas saxlamışlar”.

Təbii ki, Daranın özünün riyakar və yalançı olması onda Qam Ataya qarşı kəskin nifrət oyadır və məhz buna görədir ki, Bağıstanda Qam Atanın təsviri Daranın ayaqları altında həkk edilir. Onun həmfikirlərini şantaj etməsi və onları aldadıb gizlicə mehtəri ilə plan quraraq hökmdarlığa yiyələnməsi məkrli və xəyanətkar təbiətə məxsus olmasından xəbər verir. Təsadüfi deyil ki, onun hakimiyyəti dövründə nəinki Madayda, bütövlükdə Ön Asiyada misli görünməmiş qiyamlar baş verir. Mağ qardaşların devrilməsindən sonra Madayda bir il sonra Fravartişin, ardınca Çissataxmanın başçılığı ilə fars əsarətinə qarşı azadlıq hərəkatı baş verir, lakin hər iki üsyançı məğlub edilərək Ağbatanda işgəncə ilə qətlə yetirilirlər.

Qam Atanın hakimiyyətə gəlməsindən sonra etmiş olduğu ən maraqlı addımlardan biri mövcud dini ibadətgahları dağıtmasıdır. Bu addımın nə məqsədlə edilməsi, onun hansı ibadətgahları və nə üçün dağıtması hələ ki elmi izahını tapmayıb. Bağıstan yazısında deyilir: “Əlimizdən alınan şahlığı geri alıb mağ Qumatanın dağıtdığı ilahi məbədləri bərpa etdim. Mağ Qumatanın dəyişdiyi ibadət qaydalarını yenidən sahmana saldım. Xalqı: Parsua və Maday və başqalarını əvvəlki səviyyəsinə çatdırdım. Hörmüzdün sayəsində bunu zəhmətlə həyata keçirdim ki, evimiz əvvəlki yerində bərqərar olsun, Hörmüzdün dayağı ilə bu mağ Qumata evimizi uçura bilməsin”. Əgər Bağıstandakı bu hadisə, yəni Qam Atanın məbədləri dağıtması həqiqətdirsə, deməli mağ qardaşlar farsların məhv etdikləri və ya dəyişdirdikləri inanclarını yenidən bərpa etməyə çalışmışlar. Bu baxımdan antik mənbələrdə fəlsəfənin yaradıcıları hesab edilən mağların dini və fəlsəfi dünyagörüşləri mühüm əhəmiyyət kəsb edir. Mənbələrə əsasən, mağlar bütün vaxtlarını Tanrıya ibadət etməklə keçirir, dualar oxuyurlar. Odu, torpağı, suyu, havanı müqəddəs sayan mağların fikrincə, Tanrı yalnız onları görür və səmada təkcə iti gözlərin görə biləcəyi mövcudatlar vardır. Onlar Tanrının zatı haqqında fikirləşməyi məqbul saymayaraq, yaradıcının kişi və ya qadın cinsindən olmasını rədd edirlər. Ağappaq paltar geyinən mağlar qızıl və bəzək əşyaları gəzdirmir, göy-göyərti, pendir, quru çörək yeyərək torpaq üstündə yatırlar. Onlar ölüyandırmanı çirkin əməl sayırlar və insanın öldükdən sonra əbədi həyata qovuşacaqlarına inanırlar. Sonralar mağların bu inancını daha da təkmilləşdirən Zərdüşt həmin dövrün dünyəvi dinlərindən birini yaradır. Yeri gəlmişkən, bəzi mənbələr Qam Atanın Zərdüştün silahdaşı olması ideyasını da ortalığa atmaqdadır. Çünki Zərdüştün elmdə daha çox qəbul edilmiş yaşam tarixini (569-492) nəzərə alsaq mağın Zərdüştlə görüşmə ehtimalı mümkünsüz deyil. Lakin bütün bunlara baxmayaraq Qam Atanın hansı məbədləri və nə üçün dağıtması cavabsız qalmaqdadır. Hər halda dağıdılan məbədlər zərdüşt dininə aid olmayıb, çünki bu ehtimal məntiqi baxımdan özünü doğrultmur. Çünki, şübhəsiz, mağlar həmin dövrdə tək Tanrı Ahuraya inanırdılar. Deməli, yalnız bir ağlabatan ehtimal qalmış olur: Çox güman ki, Dara Asiyanın ədalət simvolu olan Qam Atanı gözdən salmaq üçün daha bir yalan uydurub.






Bağıstan qayası. Qam Ata Daranın ayaqları altında.

No comments:

Post a Comment