Saturday, January 29, 2011

مدینه خانیم گولگون

مدینه خانیم گولگون یازار 
 (ترانه محرم قیزی )
 قایناق اینتئرنئت
Şöləsi dilim-dilim alovlanan bir şimşəyə dönüb hər şəhərin, hər kəndin üstə yanmaq, yandıqca niskildən, qəmdən qurtulmaq istəyirdi. Öz əlləri ilə əkib illərcə ayrı düşdüyü bir çinara söykənmək, onunla danışıb gülmək, qərib durna kimi hara uçsa yenə də Vətəninə dönmək arzusuyla yaşayırdı. Haçansa Arazı keçib, Savalanın dumanlarla qucaqlaşan zirvəsindən ötüb, doğma Təbrizə qovuşmaq istəyirdi şairə Mədinə Gülgün (17 yanvar Mədinə Gülgünün doğum günü idi).

Yurd həsrətli şairənin ömür-gün yoldaşı Balaş Azəroğlu ömür kitabına pozulmaz hərflərlə yazılan sevgi tarixçəsini vərəqləyir:

- Mədinə xanımla mən Cənubi Azərbaycanın Ərdəbil şəhərindənik. Hər ikimizin ailəsi 1920-ci ildə Bakıya gəlib. Mədinə xanım 7-ci, mən də 10-cu sinfi Bakıda bitirdik. 37-ci ildə Stalinin əmri ilə Cənubi azərbaycanlıları yenidən öz vətənlərinə göndərdilər. Bizim də, Mədinə xanımın da ailəsi yenidən İrana qayıtmalı oldu. Mədinənin atası Bakıda dəmiryolunda işləyirdi. Ərdəbildə də dəmiryolu olmadığından onlar Təbrizə köçdülər. O vaxt Təbriz-Culfa dəmiryolu işləyirdi. Həmçinin Təbrizdə Azərbaycan və rus dillərində məktəblər vardı. Mədinə orda təhsilini davam etdirdi. Mədinə həmişə xatirələrində danışırdı ki, mən Azərbaycan şairlərinin şeirlərini oxuya-oxuya hiss edirdim ki, məndə də şeir yazmaq həvəsi var. Kağıza, dəftərə yazdığı şeirləri utanıb heç kəsə göstərmirdi. 1947-ci ilə qədər, yəni biz Bakıya gələnə qədər Təbrizdə yeganə şairə Mədinə Gülgün idi. Ondan başqa yazan şairlər olsa da, onlar sandıq ədəbiyyatı yazırdılar. Mədinə xanım şeirlərini rəfiqələrinə oxuyanda onlar məsləhət görmüşdülər ki, Təbrizdə Azərbaycan dilində çıxan "Vətən yolunda" qəzetində dərc etdirsin. Mədinə də günlərin birində həmin redaksiyaya yollanıb. Otaqların birində hərbi paltarlı bir adamı görüb, səhv gəldiyini düşünərək geri qayıtmaq istərkən, onun Azərbaycan dilində: "Ay qızım, gəl görüm, nə sözün var?" sözlərini eşidərək ayaq saxlayıb. Hərbi paltarlı adam Mədinənin axtardığı redaksiyanın işçisi olduğunu bildirib. Tanışlıq zamanı həmin adamın yazıçı Əvəz Sadıq olduğu məlum olub. Mədinə gətirdiyi dəftərini ona göstərdikdə Əvəz Sadıq: "Olarmı, bu dəftəri qoyub, 3 gündən sonra gələsən, mən də sənə öz fikrimi deyim?" - deyə soruşduqda Mədinə razılaşıb. 3 gündən sonra intizarla yenidən həmin redaksiyaya yollanıb. Əvəz Sadıq: "Qızım, oxudum şeirlərini, səndə şairlik qabiliyyəti var, sən şeir yaza bilərsən, ancaq bəzi kəlmələr yerinə düşməyib. İcazə versən, 2 şeir götürüb, kəlmələri düzəldərdim, qalanı isə sənin şeirin özü olacaq. Elə də qəzetdə verərəm" deyib. Mədinə razı olub və növbəti nömrələrin birində 2 şeirinin çap olunduğunu görüncə çox sevinib. Təşəkkür etmək üçün Ə.Sadığın yanına gedəndə o da deyib ki, sən şeir yazsan, bizim Bakıdakı Mirvari Dilbazi, Nigar Rəfibəyli kimi şairə ola bilərsən. Bu sözlər Mədinəni çox həvəsləndirib. Mədinə şeirlərini Ələkbərzadə familyası ilə çap etdirmişdi. İkinci dəfə şeirlərini aparanda Əvəz Sadıq onu redaktor müavini Cəfər Xəndanla tanış edib. Cəfər Xəndan: "Sən niyə özünə təxəllüs seçmirsən. S.Vurğun, M.Dilbazi, N.Rəfibəyli kimi sən də özünə təxəllüs götür"- deyərək C.Cabbarlının "Od gəlini" pyesində mübariz qız olan Gülgünün adını ləqəb götürməyi məsləhət görüb.

Qəzetin o biri nömrəsindən başlayaraq Mədinənin şeirləri Mədinə Gülgün imzası ilə çap olunub. Çox keçmir ki, onu Təbrizdə Azərbaycan dilində çıxan "Azərbaycan" qəzeti redaksiyasında müxbir kimi işə götürürlər.

45-ci ildə Cənubi Azərbaycanda Milli hökumət yaranır. Milli hökumətə Pişəvərini rəhbər seçmək üçün məclis çağırırlar. Müxtəlif şəhərlərdən nümayəndələr gəlib həmin məclisdə iştirak edirdi. Ərdəbil şəhərindən də mənqarışıq 5 nümayəndə seçilmişdi. Mədinə Gülgün də məclisdə müxbir kimi iştirak edirdi. Müsəlman məclisi olduğu üçün stolun üstünə üstüörtülü böyük bir Quran qoyulmuşdu. Kimin adını çağırırdılarsa, o, əlini Qurana basıb məclisin nümayəndəsi kimi Milli hökumətə sadiq qalacağı haqqında and içirdi. Mənim də adımı çağırdılar. Əlimi Qurana basıb and içdim və:

Sən Azər oğlusan, məzlumam demə

Bu el azadlığın sorağındadır.

Mübariz yaranıb mübariz ölmək

Bizim bu ölkənin torpağındadır - deyə dörd misra şeir oxudum.

Tənəffüsdə foyedə gəzişərkən əlində dəftər, saçıkəsik bir qız mənə yaxınlaşdı. O vaxt da Ərdəbil fanatik şəhər olduğundan qadınlar başıaçıq gəzməzdilər. Təbriz isə açıq şəhər sayılırdı. Bu qız: "Ağayi Azəroğlu, mən müxbirəm, sizdən müsahibə götürmək istəyirəm" - dedi. Sonra mənə əl uzadıb, adının Mədinə Gülgün olduğunu söylədi. Onu da deyim ki, Ərdəbildə qadınlar kişilərə əl uzatmazlar. Beləliklə, ilk tanışlığımız başlandı. Məclisin davam etdiyi 2 gün ərzində görüşdük. İkinci günün axırında - iclas qurtarandan sonra Mədinənin zalın qapısı ağzında dayanıb məni gözlədiyini gördüm. İşimin qurtarması ilə maraqlananda hələ 3 gün Təbrizdə olacağımı, sonra Ərdəbilə ailəmin yanına gedəcəyimi bildirdim.  Səttarxan xiyabanı ilə gedərkən o, birdən mənim qoluma girdi. Bir qədər narahat olsam da qolumu çəkmədim. Xiyabanın başına çatanda dayandıq. "Bu küçədən yüz addım o yana evimizdir. Nənəm də, anam da Ərdəbildəndir. Mən sənin gəlişin haqqında onlara danışmışam. Onlar da deyiblər ki, çoxdandır ərdəbilli görmürük, onu gətir bizlə görüşdür" - deyə bildirdi. Dedim ki, başqa vaxt gələrəm. Əl çəkməyib, evdə Bakı düşbərəsi hazırladıqlarını söylədi. Həyətlərinə girən kimi: "Ay nənə, ərdəbilli gətirmişəm" - deyə qışqırdı. Nənəsi ilə tanış oldum. O, Ərdəbilin Hacısəlim qışlağından olduğumu bilincə məni tanıdı. Sən demə, biz əminəvəsi idik. Məni axşama qədər buraxmadılar. Axşam Mədinənin atası Nurulla da gəldikdən sonra danışıb bir-birimizi yaxından tanıdıq. Axşam icazə alıb qayıtdım.

Pişəvəri Milli hökumətin baş naziri seçildi. O, Azərbaycan dilini yaxşı bilən kadrları irəli çəkmək istəyirdi. Pişəvəri mənə dedi ki, səni maarif naziri şair Biriyaya müavin göndərirəm. Bir az narahat oldum. Mən orta məktəbi bitirmişdim. 24 yaşım vardı. Dedim ki, bu, böyük vəzifədir, mən onu yerinə yetirə bilmərəm. Çox təcrübəli, savadlı müəllimlər var, mən onlara nə göstəriş verəcəyəm. Gülüb dedi ki, onda səni Radio Komitəsinə sədr müavini göndərirəm. Ora gələn məqalələri redaktə elə. Mən Radiokomitədə işləyərkən qohum kimi hər gün Mədinə ilə görüşürdüm.

Milli hökumətin ömrü bir il çəkdi. Şahın qoşunları Amerika əsgərlərinin köməyi ilə Milli hökuməti devirmək üçün hücuma keçdilər. O vaxt ara qarışdı. Bir gün işdə oturduğum zaman telefon zəng çaldı. Dəstəyi götürəndə Mədinənin: "Ara qarışıqdır. Biz indi Təbrizdən çıxırıq. Məni salamat bir yerə aparırlar. Anamgilə zəng vururam, telefonumuz işləmir. Onlara de ki, məndən nigaran qalmasınlar" həyəcanlı səsini eşitdim. Mədinə bu sözləri deyib dəstəyi qoydu. 2 saat keçəndən sonra bacısı Rəfiqə narahat halda Mədinədən xəbər bilmək üçün gəldi. Mən də Mədinənin sözlərini ona çatdırdım.

Beləliklə, Mədinədən ayrıldım. Sən demə, Mədinə sovet səfirliyinin nümayəndələri ilə birlikdə Bakıya gəlib.

Milli hökuməti devirdilər. Şahın qoşunları amerikalıların köməyi ilə hücum edib Təbrizi alanda Pişəvəri Bakıya getdi. Mən onda gedə bilmədim. Həmin gün vaxtım qurtarana qədər Radio Komitəsində qalıb verilişə rəhbərlik etdim. Evə qayıdanda atam narahatlıqla: "Yoldaşların gəlmişdi. Dedilər ki, dövlət əvəz olunub. Biz qatarla Culfaya gedirik. Əgər vaxtı varsa vağzala gəlsin, bizimlə Culfaya gedək"-xəbərini verdi. Mən də axşam saat 10-da gəlmişdim. Küçədə güllə atırdılar, ara qarışmışdı. Atam gecəylə getməyimi məsləhət görmədi. Səhər tezdən qapımız döyüldü. Şahın adamları gəldiyi üçün atam tez məni aşağıdakı zirzəmidəki odunların arxasında gizlətdi. Şahın adamları hay-küylə, güllə ata-ata içəri girib məni soruşdular. Atam da ağlaya-ağlaya mənim axşamdan evə gəlmədiyimi bildirdi. Evi axtardılar, ancaq anbarı axtarmaq ağıllarına gəlmədi. Mən həmin anbarda 5 ay gizləndim. Gündüzlər qonşular görər deyə çölə çıxmırdım. Axşamlar isə bir az hava alıb yenidən gizlənirdim. May ayında Təbrizdə "Nicat" Komitəsi yarandı. Onlar Milli hökumətin adamlarını axtarıb tapır, ya Bakıya, ya da Tehrana yola salırdılar. Mən də "Nicat" Komitəsinin köməyi ilə Bkıya gəldim.

Bakıya gəlməyimdən Pişəvəri və Səməd Vurğun xəbər tutdular. Səməd Vurğun tez Mədinə Gülgünü çağırıb öz maşını ilə mənim arxamca göndərdi. Günorta vaxtı yerləşdiyim Mərdəkandakı bağda gəzişərkən bir də gördüm ki, həyətin qapısı açıldı və Mədinə gəldi. Bir-birimizə tərəf qaçaraq görüşdük. Mədinə ağlamağa başladı. O, çox həssas qız idi. Sonra yaşadığım evdən icazə alıb Bakıya gəldik. Mədinə maşında yol boyu ailəsini soruşub ağlayırdı. Onun ailəsini İranın ən isti yerinə sürgün etmişdilər.

Uzun söhbətdən, tanışlıqdan sonra geri qayıdarkən Mədinə də məni Səkinə xanıma təhvil vermək üçün gəldi. Geri qayıtmaq istərkən Səkinə xanımın həyat yoldaşı onu qoymadı. Biz bütün gecəni yatmadıq, səhərə qədər hadisələrdən, olub-keçənlərdən danışdıq. Bir neçə gündən sonra Bakıya gəlib Pişəvəri ilə görüşdüm. O da, Səməd Vurğun da dedilər ki, darıxma, biz səninçün mənzil təşkil edəcəyik. Hələlik isə İçərişəhərdə, Böyük Qala küçəsində yaşayan Əli Tudə ilə bir yerdə olarsan. Əli Tudə böyük bir mənzildə tək yaşayırdı.

Mədinə APİ-də, mən də Universitetin ədəbiyyat fakültəsində oxudum. Bizə yalnız iranlıların yaşadığı ümumi bir yataqxana verdilər. Beləliklə, Mədinə ilə mən bu müddətdə bir-birimizə çox yaxınlaşdıq. Mən ailəmizə məktub yazdım: "5 il burada oxuyacağam. 5 ildən sonra sovet hökumətinin bizi buraxıb-buraxmayacağı hələ bəlli deyil. Yoldaşımın kəbinini verin getsin. Bəlkə ailə qurmaq istəyir, cavandır". Həyat yoldaşım da dayım qızı idi. Atam mən deyən kimi elədi. Məktubu da Mədinəyə göstərdim və ürəyimi açdım. Sən demə, Mədinənin də ürəyindən idi. 1950-ci ildə kəbin kəsdirdik. İki ildən sonra institutu qurtardıq. Mən "Azərbaycan" qəzetində, Mədinə də "Uşaqgəncnəşr"də işləyirdi. İlk oğlumuz dünyaya gələndən sonra Mədinə ərizə yazıb işdən çıxdı. Dedi ki, daha işləmək istəmirəm, şeir də yazsam, özüm yazacağam, balamın tərbiyəsi ilə məşğul olmaq istəyirəm. İlk oğlumuzun adını Araz, kiçiyinin isə Etibar qoyduq. Bunu Mədinənin valideynləri məktub yazaraq xahiş etmişdi.

4 il sonra günlərin birində bizim Aşıq Hüseyn adlı aşığımız ailəsindən məktub almışdı. Onun ailəsi bizim ailəmizi yaxşı tanıyırdı. O, evlərinə məktub yazanda mən də: "Nigaran qalmayın, mən sağ-salamatam" - deyə yazdım. O məktubdan sonra ailəmlə məktublaşmağa başladım. Ailəm mənə görə Təbrizdə qalmayaraq Tehrana köçmüşdü. 92-ci ildə uzun ayrılıqdan sonra oğlumla ilk dəfə Tehrana getdim. Mədinə isə 91-ci ildə dünyasını dəyişmişdi. Mədinə ömrü boyu Vətənini görmək istəyirdi. Onu Vətənindən və ailəsindən ayrı düşməyin niskili öldürdü. Mədinə şeirlərində də "İcazə verin, mən Araz çayını piyada keçim, Təbrizə getmək istəyirəm" - deyə yazırdı. Mən də ona təsəlli verib deyirdim ki, "ay Mədinə, deyəsən, vəziyyət düzəlir, bəlkə getdik". Mədinə xanım: "Ölmərəm, ölmərəm mən Təbrizi görməyincə" - desə də, ancaq Vətən həsrəti ilə dünyadan köçdü. Mədinə Gülgünün Təbrizdə də, Bakıda da kitabları çap olundu.

Mədinənin ölümündən sonra çox tənhalıq hiss elədim. Ancaq Yazıçılar Birliyindəki işimlə başımı qatdım. 1981-ci ildə Heydər Əliyev mənə Xalq şairi fəxri adını verdi. Heydər Əliyevin göstərişi ilə məni Yazıçılar İttifaqının katibi seçdilər. 10 il bu vəzifədə işlədim.  Ancaq Mədinə xanımsız mənə çətin oldu...

  Təranə MƏHƏRRƏMOVA

No comments:

Post a Comment