Artaşes çağından qalma yazılı daşlar
Firudin Ağasıoğlu
professor
Keçən əsrdə Zəngəzurda və Göycə gölü sahilində 2000 min il əvvəl aramey hərflərilə üzərində yazısı olan daşlar tapılmışdır. Fransız, rus və hay alimləri yarım əsr çalışsa da, bu yazıları tam oxuya bilməmişlər. Həmin yazıların hansı dildə olduğunu ilk dəfə tanınmış türkoloq professor Firudin Ağasıoğlu açandan sonra buradakı mətnin tam oxunuşu mümkün olmuşdur. Bu qədim tarixi abidə hayların «Böyük Armeniya» mifini dağıtdığı kimi, onların guya Qarabağın qədim sakinləri olması iddiasını da rədd edən tutarlı və təkzibolunmaz tarixi sənəddir.
Artaşes m.ö. II əsrdə Selevki dövlətinin Erməniyə ölkəsindəki strateqi idi. O, Arpa (Axuryan) çayının Araza qovuşduğu yerdə salınmış Armavir (keçmiş Kürdüklü) şəhərində otururdu. Selevki hökmdarı III Antiox romalılara məğlub olanda (m.ö. 190) onun canişini Artaşes bu fürsətdən istifadə edib özünü çar elan etdi və ona tabe olan Ərməniyənin ərazisini böyütmək üçün qonşu İber (Gürcüstan) və Alban (Azərbaycan) ölkələrindən müvəqqəti də olsa, bir-iki bölgə qopara bildi. Beləliklə, Artaşes ömrü uzun olmayan ilk Ərməniyə dövlətini qurdu.
Adı Türkcə Ərtaş (Artaş) olan Ərməniyə çarı Artaşesin (m.ö.189-160) milli mənsubiyyəti bəlli olmasa da, onun midiya (mada) soylarından birinə aid olması mümkündür, çünki M. Xorenatsi onu mar, yəni madalı adlandırır. Hər halda Artaşesin hay olmadığını əksər tarixçilər söyləyir.
Qədimdə ayrı-ayrı məbədlərə, mülkədara və ya hökumətə aid torpaqların hüdudu, bölgə və ölkə sınırları, müəyyən işarələrlə nişanlanırdı. Ərməniyədə bu ənənə Artaşesin vaxtında ortaya çıxmışdı. Onun vaxtında yeni siyasi-inzibati ərazilər yaratmaq, ayrı-ayrı feodallara verilən torpaqların sərhədlərini müəyyən etmək üçün başı üçdiş şəklində yonulmuş sınır daşlarından istifadə olundu və uzun müddət bu daşlar «Artaşesin mərz (sınır) daşı» kimi yaddaşlarda qaldı.
Bu olaydan 700 il sonra V əsrdə M.Xorenatsi yazırdı ki, torpaq islahatı aparan Ərməniyə hökmdarı Artaşesin vaxtında feodal mülklərini və ayrı-ayrı bölgələri bir-birindən ayırmaq üçün sınırlarda torpağın üstündə azacıq başı görünən dördkünc şəkildə yonulmuş daş bəlgələrindən istifadə olunurdu. Üzərində yazısı olan bu sınır bəlgəsi daşlarından ikisi Göycə gölü yaxasındakı Qulalı və Yuxarı Qaranlıq kəndlərindən 1906 və 1932-ci illərdə tapılmışdır. Belə yazılı daşlar Zəngəzurda da tapılmışdır. Aramey hərflərilə yazılmış həmin yazıları müxtəlif dillərdə oxumaq istəyən uzmanlar (Dupont-Sommer, Borisov, Kokovtsov, Payazat, Türo-Danjen, Dyakonov, Starkova, Perixanyan, Tirasyan və başqaları) hələlik qəbul olunası bir nəticə əldə edə bilməmişlər. Yalnız ilk iki sözün Artaşes məlik olduğunu əksər tədqiqatçılar təsdiq etmiş və burada Artaşesin adının yunan-makedon deyiminə uyğun Artaxşasi (Artaksati) yazılması qeyd olunmuşdur.
A.Dupont-Sommer bu yazının aramey dilində olub, güya Göycə gölündə Artaşesin «balıq tutması» haqqında məlumat verdiyini qeyd edir. Əvvəla, yazı aramey əlifbası ilə olsa da, aramey (sami) dilinin qaydalarına uyğun gəlmir, ikincisi də, bu yazılı sınır daşı ilə K.Trever demişkən, balıq tutmağın heç bir əlaqəsi yoxdur. İ.Dyakonovun K.Starkova ilə birgə yazdığı məqalədə daşın üzərindəki yazıda kiməsə torpaq sahəsi ayrılması və ya kiminsə torpaq sahəsinin sınırlanması haqqında məlumat olduğunu qeyd edirlər, lakin aramey dilinin qaydalarına uyğun gəlməyən bu yazıda hansısa yerli dilə aid ideoqramların aramey hərfləri ilə verilməsini də istisna etmirlər. A.Borisov isə yazının, guya arameycə başlanıb hay və ya fars dilində davam etdiyini yazsa da, cümləni bu dillərin heç birində tamamlaya bilmir. Qədim hay qaynaqlarında bu sınır daşlarının icmaları əhatə edən kənd, qəsəbə anlamında hayca qevl və şəxsi mülk sayılan sahələri, tarlaları bildirən aqarak sınırlarında (sahmank) qoyulması qeyd olunsa da, gözdən keçirdiyimiz daşlar üzərindəki yazıda qevl, aqarak, sahmank sözlərinin heç biri yoxdur. Beləliklə, kiçik bir mətnin şərhində irəli sürülən müxtəlif fərziyələr biri digərini təkzib edir.
Birinci daşın üzərindəki yazı tamdır, ikinci daşın yazısında isə sağdakı işarələr zədələndiyi üçün yarımçıqdır. Yarımçıq yazıların gümanlarla oxunuşu həmişə mübahisəli olur. Buna baxmayaraq, birinci bütöv yazının oxunuşuna yardım edəcəyini düşünüb, hər iki daşın və onların üzərindəki yazıların müxtəlif qaynaqlarda verilən şəkillərini əldə edəndən sonra onu oxumaq mümükün oldu.
Sağdan sola yazılan bu yazıların m.ö. II əsrə aid olduğunu təsdiq edən uzmanlar onun soldan sağa transkripsiyası nı və müxtəlif oxunuşunu verir, lakin belə oxunuşların mənasız söz yığını olduğunu da etiraf edirlər. Burada həmin oxunuşları təkrar etməyə lüzüm yoxdur, yalnız əksər uzmanların daha elmi saydığı semitoloq A.Borisovun transkripsiyası nı və oxunuşunu verək:
Burada 1-ci daşın yazısındakı son sətirin ilk işarəsi «r» hərfilə verilmişdir (bunu «d» və «n» sayanlar da var), halbuki daşdakı yazıya diqqətlə baxanda onun «b» hərfi oldu¬ğunu seçmək olur. Aramey yazısında bəzən eyni və ya oxşar işarə iki ayrı-ayrı səsi bildirir, özəlliklə Arşak (Arsaq) sikkələrində «z» və «y» səsləri işarəsi ilə verilir. Bu yazıların aramey əlifbası ilə olduğunu söyləyən tədqiqatçılar yazının hansı dildə olmasını müəyyən edə bilmir, yalnız «yerli dillərdən biri» olacağını söyləyirlər. Onu udi, hay, fars və aramey dilində oxumağa cəhd edənlər hələlik qəbul olunası nəticə əldə etməmişlər.
Yazının tapıldığı bölgədə Urartu və Saqa eli çağından protoazər boylarının yaşadığını «Azər xalqı» kitabında vermişdik, Artaşesin vaxtında da (m.ö. II əsr) burada azər boyları yaşayırdı. İlk Ərmən dövlətinin formalaşdığı həmin çağda bu bölgəyə başqa etnik boyların sızması şübhə doğurmur, lakin adı çəkilən yazı yerli aborigenlərdən olan azərlərin dilində oxuna bilir. Belə ki, uzmanların verdiyi transkripsiyada yalnız bir hərfi dəyişməklə (z/y) aşağıdakı yazılış və oxunuş alınır:
Buradakı «bryi» kimi yazılmış söz «barıyı» (barısı), «bəriyi, beriyi və birəyi» şəklində oxuna bilir. Qədim Türk dilində «barık» «görünən nəsnə» (M. Kaşğari, I. 456-2; DTS, 84), «berik» «bərkidilmiş», «birə» «ölçü» (DTS, 95,101) və «beri» «bu tərəf, sağ, güney» sözləri olsa da, bunlardan yalnız ölçü anlamlı «birə» (mərz) sözü mətnin məzmununa daha uyğun gəlir. İkinci daşın üzərindəki yazıda isə sözlərin ilk hissələri pozulduğundan onu oxumaq olmur. Ancaq həmin daşın da sınır bəlgəsi olub, üzərindəki yazının məzmunca əvvəlki yazıya yaxınlığı görünür: [ar]tğşsi [ml]k bryi [yr]itr ğl[…]nbin […]i.
Qaynaqlarda I və II sınır daşlarının şəkilləri və üzü köçürülmüş I və II yazılar belə verilmişdir:
Göründüyü kimi, bizim variantda yalnız 4-cü sətirin ilk hərfi şəkildə olduğu kimi cizgisi azacıq əyilmişdir. Bu isə başqalarının r, n, d kimi oxuduğu səsi deyil, b səsini bildirən işarədir və həmin hərf 2-ci sətirin dördüncü işarəsində də özünü göstərir. Qalan işarələr isə digər uzmanların verdiyi işarələrdən fərqlənmir:
Ermənistan Elmlər Akademiyasında saxlanan həmin bəlgə daşların Qərbi Azərbaycanın qədim əhalisi haqqında verdiyi bilgi çox önəmlidir. Göründüyü kimi, o çağlarda Ön Asiyanın müxtəlif bölgələrində işlək olan aramey yazısı Göycə bölgəsinə də gəlib çatmışdı. Artaş məliyin göstərişi ilə mərz daşının iki sahə arasındakı sınırda qoyulması haqqında olan bu yazı isə hələlik azər dilinin ən qədim yazı nümunəsidir. 2000 ildən artıq torpaq altında qalan bu yazılı daş kimi bəlgələr tapıldıqca tarixin gerçək üzü də aydın görsənəcəkdir.
ƏLAVƏLƏR
Qədim hay qaynaqlarında bu sınır daşlarının icmaları əhatə edən kənd, qəsəbə anlamında hayca qevl və şəxsi mülk sayılan sahələri, tarlaları bildirən aqarak sınırlarında (sahmank) qoyulması qeyd olunsa da, gözdən keçirdiyimiz daşlar üzərindəki yazıda qevl, aqarak, sahmank sözlərinin heç biri yoxdur.
M. Xorenatsinin bu daşları görüb də üzərindəki yazı haqqında bilgi verməməsinin sual doğurduğunu vurğulayan Q.X.Sarkisyan yazır ki, o həmin aramey yazılarını oxuya bilməmişdir. Əvvəla, yunan-aramey qaynaqlarından gen-bol istifadə edə bilən Xorenatsi özü həmin daşları görməyə bilərdi və əgər görmüşsə, oradakı yazıları oxuya bilərdi, ikincisi də, əgər oxuyub onun azər dilində olduğunu görüb susmuşsa, deməli hay tarixçilərinin atası sayılan bu yazar da tarix qarşısında üzüqaradır.
Qrammatik yozum:
1. Türk dillərində «oturtmaq», «yerləşdirmək», «qoymaq» anlam çalarları ilə işlənən bilən qondur- sözü qonaq, qonmaq sözlərinin də kökündə duran qon- feili ilə düzəlmişdir. M. Kaşqari yazır: «Bir şey üzərinə kondurulan hər hansı bir nəsnə üçün də belə deyilir: kondurur, kondurmak». «Kitabi Dədə Qorqud»da «Dirsə xan qara otağa qonduruldu» deyimi məhz oturduldu, yerləşdirildi çaları ilə işlənmişdir.
2. Dilimizdə isimlərə qoşulan et-, elə-, ol- köməkçi feillərindən fərqli olaraq, qıl- feili isimə qoşula bildiyi kimi (namaz qılmaq), keçmişdə feilə də qoşulmuşdur. Dədə Qorqud boylarında feilin əmr forması kimi ğıl-//gil morfemi (durğıl, tikdirgil, öldürgil, etgil, toyurğıl, tonatğıl) geniş işlənir: «Əzrailə buyuruq elədi kim, ya Əzrail, var dəxi ol dəli qavatın gözünə görüngil, bənzini sarartğıl! - dedi; canını xırlatğıl, alğıl! - dedi». Artıq şəkilçiyə çevrilmiş qıl- köməkçi feilinə M. Kaşğari alqıl, turqıl, tergil sözlərini və eve kirgil, süt sağqıl, bu kün barğıl deyimlərini örnək verir. Göytürk yazılarında da sabımı eşidgil (sözümü eşit) deyimi işlənmişdir. Göründüyü kimi, m.ö. II əsr yazısında konğıltı sözünün tərkibində kon- feilinə ğıl- köməkçi feilinin və -tı şəkilçisinin qoşulması (kon-ğıl-tı) türk qramatik qanununa uyğundur.
No comments:
Post a Comment